TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Noyabr 2024, Şənbə


Sahibkarlığa dəstək
ABŞ-da sahibkarlığa dövlət dəstəyi

Kiçik biznes sferası Amerika cəmiyyətinin ictimai-iqtisadi həyatdakı fəallığının unikal mexanizmini təşkil edir. ABŞ kiçik biznesin inkişafı üzrə dünyanın ən qabaqcıl ölkəsi hesab edilir. Kiçik müəssisələrin ÜDM-də payı 52% (5,6 trilyon dollar) təşkil edir. Fəaliyyətdə olan bütün özəl müəssisələrin 97,6 % -i kiçik müəssisələrdir və iqtisadi fəal əhalinin 50,6% -i  belə müəssisələrdə çalışır. Bunlardan başqa son on ildə özəl sektorda ümumi iş yerlərinin təxminən 65% -i kiçik biznesin payına düşür. Göstərilən faktlar ölkənin davamlı inkişafının təminatı üçün kiçik biznesin yüksək əhəmiyyətini təsdiq edir. Bu durum kiçik bizneslə bağlı "Kiçik biznes haqqında Qanun"da ifadə edilmiş  dövlət siyasətinin əsasını təşkil edir.

Amerika qanunvericiliyinə əsasən, kiçik və orta biznes kateqoriyasına işçilərin sayı 500 nəfərdən çox olmayan təsərrüfat subyektləri aiddir. ABŞ-da bütün kiçik və orta müəssisələr 3 kateqoriyaya bölünür:

Mikro müəssisələr — işçilərinin sayı 20 nəfərədək olan firmalardır;
Kiçik müəssisələr — 20-dən 100 nəfərədək;
Orta müəssisələr — 100-dən 499 nəfərədək.

Hazırda ABŞ-da kiçik və orta sahibkarlığın problemləri ilə 16 federal idarə və nazirlik məşğul olur. Kiçik və orta sahibkarlığı dəstəkləyən 39 proqram, 1100 kiçik və orta sahibkarlığın inişafı mərkəzi və 500 xüsusiləşdirilmiş kollec fəaliyyət göstərir. Bu sahənin idarə edilməsi ilə xüsusi dövlət orqanı – Kiçik Biznes Administrasiyası məşğuldur.

ABŞ Kiçik Biznes Adminstrasiyasının (KBA) əsasının rəsmi olaraq 1953-cü ildə  qoyulmasına baxmayaraq onun fəlsəfəsi və missiyası daha əvvəllərdən, xüsusilə Böyük Depressiya və II Dünya müharibəsi sıxıntılarına cavab olaraq  müxtəlif agentliklər tərəfindən formalaşdırılmağa başlanıb.

1932-ci ildə Prezident Herbert Huver Böyük Depressiyanın təsirini azaltmaq məqsədilə təsis etdiyi Yenidənqurma Maliyyə Korporasiyası (YMK) KBA -nın ilk xələfi hesab edilir. Başlanğıcda həm kiçik, həm də iri sahibkarlara federal kredit proqramı kimi nəzrdə tutulan YMK Huverin davamçısı Prezident Franklin D. Ruzveltin şəxsi layihəsi kimi qəbul edilib və o ən bacarıqlı işçilərini həmin layihənin həyata keçirilməsinə cəlb edib. İkinci Dünya müharibəsi dövründə hərbi müqavilələləri yerinə yetirən iri sənayedən fərqli olaraq kiçik sahibkarlıq rəqabətdə geri qalmağa başladı. Kiçik sahibkarlığın müharibə ehtiyacları üçün məhsulların istehsalında iştirak eməsinə və maliyyə imkanlarının artırılmasına yardım məqsədilə 1942-ci ildə Konqres Kiçik Müharibə Zavodları Korporasiyasını (KMZK) təsis etdi. KMZK özəl müəssisələrə birbaşa kreditlər verir, həmçinin iri maliyyə instutlarını da buna təşviq edirdi. Təşkilat eyni zamanda kiçik biznesin dövlət satınalmalarında iştirak etməsinə də çalışırdı. Müharibə bitdikdən sonra KMZK ləğv edildi.

O zaman Ticarət Departamentində yaradılan Kiçik Biznes İdarəsinin (KBİ) bəzi öhdəliklərini sonradan SBA öz üzərinə götürmüşdü. Kiçik sahibkarlığın uğursuzluğunun əsas səbəblərinin məlumatsızlıq və təcrübəsizlik olduğunu başa düşən KBİ təlim və təhsil işinə daha çox fikir verir və bu məqsədlə çoxlu sayda müxtəlif broşürlər nəşr edir və sahibkarlara idarəetmə ilə bağlı fərdi məsləhətlər verirdi.

Koreya müharibəsi dövründə Konqres kiçik sahibkarlığın problemlərini həll etmək üçün yeni bir təşkilat – Kiçik Müharibə Zavodları Administrasiyası (KMZA) təsis etdi. Onun vəzifələri KMZK ilə oxşar idi və yalnız sonda kredit vermə səlahiyyəti ona deyil, Kiçik Biznes İdarəsinə verilmişdi. KMZA kiçik sahibkarlıq müəssisələrini KBİ –yə tövsiyə edir və o da öz növbəsində həmin müəssisənin hökumət müqavilələrini yerinə yetirmək üçün nə dərəcədə səriştəli olduğunu müəyyən edirdi.

1952-ci ildə KBİ ləğv edildi. Əvvəlki agentliklərin vacib funksiyalarını davam etdirmək üçün Prezident Duayt Eyzenhauer yeni kiçik sahibkarlıq agentıiyini – Kiçik Biznes Administrasiyasını yaratmağı təklif etdi.

1953-cü ildə Konqres Kiçik Biznes Qanunu ilə vəzifəsi “kiçik biznesə yardım etmək, məsləhət vermək, dəstək olmaq və onun maraqlarını mümkün olduğu qədər müdafiə etmək” olan və yalnız prezidentə və konqresə hesabat verən Kiçik Biznes Administrasiyasını (KBA) təsis etdi.

Fəaliyyətini tənzimləyən qanunlar və normative-hüquqi sənədlər

Hazırda KBA –nın fəaliyyəti ABŞ Ümumi Qanunvericiliyi və Federal Qaydalar Kodeksi ilə tənzimlənir.

Ümumi qanunlar:

  1. Kiçik biznes haqqında Qanun (The Small Business Act) – 1953-cü ildə Konqres tərəfindən qəbul edilən və kiçik sahibkarlığı dəstəkləyən ilk qanundur. Qanun kiçik sahibkarlığın dəstəklənməsini və qorunmasını dövlətin prioritet maraqları sırasına daxil edir. Məhz bu qanun əsasında Kiçik Biznes Administrasiyası yaradılıb.
  2. Kiçik biznes sahəsində investisiya fəaliyyəti haqqında Qanun (Small Business Investment) – 1958-ci ildə qəbul edilib və yalnız kiçik biznesin iştirak etdiyi xüsusi bazarda fəaliyyət göstərmək üçün müstəsna hüquqa malik xüsusi investisiya şirkətlərinin təsis edilməsini tənzimləyir.
  3. Kiçik biznesdə yeni enerji texnologiyalaranın kreditləşdirilməsi haqqında Qanun (Small Business Energy Loan Act) – 1978-ci ildə qəbul edilib və enerjiyə qənaət edən yeni avadanlıqların layihələndirilməsi, hazırlanması, satışı və onlara xidmət göstərilməsi, həmçinin alternativ enerji mənbələrinin mənimsənilməsi üçün əlavə maliyyələşdirməni təşkil və təmin etmək üçün KBA –ya əlavə səlahiyyətlər verir.
  4. Kiçik biznesin inkişafı haqqında Qanun (Small Business Development Act) – 1980-ci ildə qəbul edilən bu qanun döylətin maliyyə dəstəyi ilə fəaliyyət göstərən qeyri-kommersiya kooperativ, ictimai və özəl təşkilatlar formasında kiçik biznesin inkişafına xüsusi yardım mərkəzlərinin yaradılması prosedurlarını müəyyənləşdirir.
  5. Bay-Doul Qanunu (Bayh–Dole Act) – 1980-ci ildə qəbul edilib. Həmin qanunla kiçik müəssisələr dövlət vəsaitlərindən istifadə etməklə nail olduqları yeni ixtiralar üzərində müəlliflik hüququnu qeydiyyatdan keçirmək imkanı əldə edirlər.
  6. Kiçik biznesdə innovasiya fəaliyyəti haqqında Qanun (Small Business Innovation Development Act) – 1982-ci ildə qəbul edilib və ABŞ hökumətinin KBA tərəfindən kordinasiya edilən Kiçik Biznes İnnovasiya Tədqiqatları Proqramının həyata keçirilməsini tənzimləyir. Qanuna görə büdcələrində müəssisədənkənar tədqiqat işləri üçün nəzərdə tutulan vəsaitləri $100 milyonu aşan bütün federal agentliklər ümumi məbləğin 2,5% -ni kiçik biznesə müqavilə və qrantlar şəklində ayırmaq üçün ehtiyatda tutmalıdırlar.
  7. Kiçik biznesdə normativ aktların ədalətliliyi haqqında Qanun (Small Business Regulatory Enforcement Fairness Act) – 1996-cı ildə qəbul edilib və federal idarələrin üzərinə bu idarələrin fəaliyyət istiqamətləri üzrə kiçik biznesin həyata keçirdiyi tədqiqatları və layihələri maliyyələşdirməsi üçün xüsusi fondlar ayırmaq vəzifəsi qoyub, kiçik biznesdə innovasiyalar üzrə Tədqiqat proqramını təsdiq edib.
  8. Veteranlar arasında sahibkarlığın və kiçik biznesin inkişafı Qanunu – 1999-cu ildə qəbul edilib. Qanunda əsas məqsəd kiçik biznesi olan və ya kiçik biznes əməliyyatları həyata keçirən veteranlar üçün mövcud yardım proqramlarını genişləndirmək və yenilərini təsis etməkdir.
  9. Kiçik müəssisələrdə iş yerlərinin yaradılması haqqında Qanun (Small Business Jobs Act) – 2010-cu ildə qəbul edilib və kiçik müəssisələr üçün vergi güzəştlərinin artırılmasına yönəlib və onlara əlavə maliyyə imkanları təqdim edir. Bu qanunla kiçik biznes üçün əlavə $30 milyard həcmində kreditləşdirmə proqramı qəbul edilib və artıq mövcud proqramlar üzrə kredit təminatının yuxarı həddi artırılıb.

Federal Qaydalar Kodeksi

Federal Qaydalar Kodeksi (CFR) Federal Hökumətin icra departament və agentlikləri tərəfindən Federal Qeydiyyata salınmış ümumi və daimi qaydaların toplusudur. Aşağıda yalnız ABŞ Kiçik Biznes Administrasiyasına aid olan qaydalardan bəziləri qeyd edilir:

  1. 13-CFR-101      Part101—Administration: Kiçik Biznes Administrasiyasının fəaliyyət məqsədini açıqlayır.
  2. 13-CFR-102      PART 102--Record Disclosure and Privacy – İnformasiya Azadlığı Qanunu əsasında verilən sorğulara cavab verərkən KBA –nın əməl etməli olduğu prosedurlardan bəhs edir.
  3. 13-CFR-103      PART 103--Standards for Conducting Business with SBA – KBA ilə əməkdaşlıq qurmağın standart tələblərini açıqlayır
  4. 13-CFR-105      PART 105--Standards of Conduct and Employee Restrictions and Responsibilities – Davranış və işçi məhdudiyyətləri və məsuliyyətləri standartlarını göstərir.
  5. 13-CFR-107      Part 107--Small Business Investment Companies (SBIC) – Kiçik Biznes İnvestisiya Şirkətlərinin (KBİŞ) təsis edilməsi, fəaliyyəti üçün lisenziya alınması, idarə edilməsi, nəzarət paketi və s. haqqında qaydaları müəyyənləşdirir.

Ümumilikdə Kiçik Biznes Administrasiyasına aid 30-dək qayda http://www.sba.gov/about-sba-services/7591 ünvanında yerləşdirilib.

Kiçik Biznes Administrasiyası idarətmə strukturu

ABŞ-ın Kiçik Biznes Administrasiyası – hökumətin tərkibində müstəqil federal idarədir və yalnız prezidentə tabedir. Administrasiyanın başçısı prezidentin təqdimatı ilə və mütləq ABŞ konqresi tərəfindən təsdiq edilməklə təyin olunur. KBA büdcəsi və maliyyələşdirmə istiqamətləri də həmçinin Konqres tərəfindən təsdiq edilir. Beləliklə, KBA dövlət idarəçiliyi strukturunda və ABŞ-ın ictimai həyatında yüksək statusa malikdir.

KBA Konqresin tövsiyəsi və razılığı ilə Prezidentin təyin etdiyi Administrator tərəfindən idarə edilir. Administrator planların yerinə yetirilməsi, idarəetmə və KBA üzərində nəzarətə görə Prezident və Konqres qarşısında cavabdehdir.

Konqresin tövsiyəsi və razılığı ilə Prezident tərəfindən təyin edilən Administrator müavini Administratorun öz vəzifələrini yerinə yetirmək imkanı olmadıqda və ya  məzuniyyət dövründə İcraçı Administrator vəzifəsini yerinə yetirir.

KBA tərkibinə 19 idarə daxildir. Onlara Administratorun birinci köməkçiləri rəhbərlik edirlər. Bütövlükdə həmin idarələr Administrator İdarəsinə tabedirlər və ona vaxtaşırı hesabat verirlər.

1976-cı ildə KBA –nın fəaliyyətinin səmərəliliyini artırmaq üçün onun strukturunda müstəqil təşkilat – birbaşa prezidentə tabe olan Kiçik Biznes Vəkilliyi yaradıldı.  Daha iki il sonra KBA strukturunda onun fəaliyyətinin səmərəliliyinə nəzarət edən başqa bir müstəqil orqan – Baş Müfəttişlik İdarəsi təsis edildi. Həm Baş müfəttiş, həm də Vəkilliyin Baş məsləhətçisi namizədlikləri konqres tərəfindən təsdiq edildikdən sonra prezident tərəfindən təyin edilir.

Növbəti səhifədə Kiçik Biznes Administrasiyası təşkilat strukturunun sxemi təqdim edilib.

Qeyd edilən iki müstəqil idarədən başqa KBA tərkibinə bir sıra funksional departamentlər və ABŞ-ın bütün ştatlarında və ərazilərində fəaliyyət göstərən yerli və regional ofisləri, həmçinin təbii fəlakət mərkəzləri ofisləri daxildir.

Kiçik biznes sahiblərinə xidmətləri hər yerdə əlçatan etmək üçün KBA bütün ölkə boyu proqramlar və resurs tərəfdaşları şəbəkəsi qurub. Kiçik biznesə başlanğıcda pulsuz tövsiyə, məsləhət və məlumat verilməsi Təqaüdçü Rəhbər İşçilərin Servis Birlikləri (Service Corps of Retired Executives - SCORE), Kiçik Biznes İnkişaf Mərkəzləri ofisləri, Qadın Biznes Mərkəzləri və KBA-nın hər ştatda yerləşən bölgə ofisləri vasitəsi ilə həyata keçirilir. Bütün ölkəni əhatə edən KBA regional ofisləri yerləşdikləri müvafiq ştatlar daxilində yerli bölgə ofislərini dəstəkləyir. Həmin dəstəyə kiçik biznes sahibləri üçün texniki yardımlar, biznes təlimlərin təşkili, tövsiyələrn verilməsi və mentor fəaliyyəti daxildir.

2013-cü maliyyə ili  üçün KBA büdcə tələbi $948 milyondur. Təbii Fəlakət administrasiyasının tələb etdiyi əlavə $167 milyon bura daxil deyil. Büdcədə Baş müfəttişlik İdarəsi üçün $19.4 milyon, Vəkillik İdarəsi üçün $8.9 milyon və təzminat və müavinətlər üçün $273.8 milyon nəzərdə tutulub.

Fəaliyyət sahələri – proqram və layihələr

60 illik tarixi ərzində Kiçik Biznes Administrasiyası kiçik sahibkarlar üçün milyonlarla kredit, kredit təminatı, müqavilə, məsləhət sessiyaları və digər dəstək formalarını təmin edib. Təşkilat demək olar ki, bütün sahibkarlıq fəaliyyəti sahələrində kiçik sahibkarlığı dəstəkləyən proqramlar həyata keçirir. Bura maliyyə və federal satınalma müqaviləlrində iştirak və həmçinin idarəetmə dəstəyi də aiddir. Onun fəaliyyət dairəsinə qadınlara və silahlı qüvvələrin veteranlarına xüsusi yardım proqramları daxil edilib. KBA həmçinin təbii fəlakətlərdən zərər çəkmişlərə də kreditlər ayırır və beynəlxalq ticarət üzrə xüsusi məsləhətlər verir və yardım göstərir.

SBA ilk növbədə ozünün proqram funksiyaları çərçivəsində beş istiqamətdə yardımlar edir: 

Vəsait əlçatanlığı (biznesi maliyyələşdirmə) – kiçik sahibkarlığın ən kiçik ehtiyacları üçün mikro-kreditləşdirmədən tutmuş  böyük miqdarda borc və avadanlıqlardan ibarət əhəmiyyətli sərmayə kapitalı ilə təmin edilməsi.

Sahibkarlığın inkişaf etdirilməsi (təhsil, məlumatlandırma, texniki yardım və təlimlər) - KBA bütün ölkə üzrə 1800 -dən artıq məntəqədə istər yeni başlayan, istərsə də artıq oturuşmuş  kiçik sahibkarlar üçün internet vasitısi ilə və ya üzbəüz pulsuz fərdi  məsləhətlər verdiyi kimi, çox aşağı qiymətə təlimlər də təşkil edir.

Hökumət müqavilələrində (Federal satınalmalar) iştirak – Kiçik sahibkarlıq haqqında Qanununun 15(g)  bölməsinin verdiyi mandata uyğun olaraq Administrasiyanın Hökumət Müqavilələri İdarəsi digər federal departamentlər və agentliklərlə birgə qarşıya ilkin hökumət kontraktlarının qanunla müəyyən edildiyi kimi 23 faizinin kiçik sahibkarlığa ayrılmıasına nail olmaq məqsədi qoyub.

Vəkillik (kiçik biznesin maraqlarının müdafiəsi) – 1978-ci ildə yaradılmış Vəkillik İdarəsi Konqresin qəbul etdiyi qanunları nəzərdən keçirərək onların kiçik sahibkarlığın mənafeyinə nə dərəcədə uyğun olduğunu müəyyən edir. İdarə eyni zamanda müxtəlif tənzimləyici qayda və tələblərin kiçik sahibkarlığa təsirini də qiymətləndirir. Bundan başqa Vəkillik İdarəsi Amerikada kiçik sahibkarlıq və kiçik sahibkarlıq mühiti ilə bağlı geniş tədqiqatlar aparır. İdarənin Baş Vəkili ABŞ Prezidenti tərəfindən təyin edilir.

Bu siyahıya təbii fəlakətlər zamanı yardımların edilməsi də əlavə edilir.

Sərəncamında 45 milyarddan artıq ABŞ dolları məbləğində kredit, kredit təminatı və vençur kapital imkanları və təbii fəlakətlər zamanı əlavə olaraq 5 milyard dollarlıq kredit vəsaiti olan KBA kiçik biznesin ən iri maliyyə sponsorudur.

KBA administratoru Karen G. Mills The Small Business Resource Guide bülletenində qeyd edir ki, hazırda ABŞ-ın sayı 28 milyon olan kiçik müəssisəsi özəl sektorda iş yerlərinin 2/3 hissəsini təmin edir. Adminstrasiyanın əsas missiyalarından biri kiçik müəssisələri dəstəkləməklə iş yerlərinin daha da artırılmasıdır. 2012-ci ildə agentlik 30 milyard ABŞ dollarından artıq vəsaitə kredit təminatı verib və təbii fəlakətlərə məruz qalanlara yardım fəaliyyətləri çərçivəsində Sandi qasırğasından zərər görmüş milyondan artıq sahibkara, ailələrə və biznesə hüquqi yardımlar edib və məsləhətlər verib. Bunlardan başqa KBA federal hökumətlə daimi təmaslarını davam etdirərək təxminən 100 milyard dollarlıq hökumət müqavilələrinin kiçik biznesin əlinə çatmasına nail olmağa çalışır.

Mənbə: "MKS Dövlət Agentliyi məsələsinə dair xarici təcrübəni əks etdirən HESABAT"

 
Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.