Baş səhifə Qanunvericilik Sahibkarlığa dəstək Kataloqlar Statistika Kitabxana Muhit indeksləri Sorğular TV müzakirələr Faydalı linklər
Sahibkarlığa dəstək
Türkiyədə kiçik biznesə dövlət dəstəyi sistemi

Türkiyədə kiçik biznesə dövlət dəstəyi sistemi hökumətin 80-ci illərin əvvəllərində formalaşmağa başlayan milli sənayenin inkişaf etdirilməsi və möhkəmləndirilməsi üzrə ümumi siyasəti ilə sıx bağlıdır.

Kiçik biznesin Türkiyədəki roluna uyğun olaraq ölkədə qeyri-kommersiya dövlət və ictimai struktur və birliklərin timsalında kiçik və orta sahibkarlığa dəstək və xidmət göstərən olduqca inkişaf etmiş infrastruktur formalaşıb. Hazırda KOS ilə bağlı məsələlərlə KOSGEB, Elm, Sənaye və Texnologiya Nazirliyi, İnkişaf Nazirliyi, Xəzinədarlıq Müşavirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Türkiyə Elmi və Texnoloji Araşdırma Şurası və İnkişaf agentlikləri  kimi dövlət təşkilatları məşğuldur.

Eyni zamanda bəzi qeyri-hökumət təşkilatları da kiçik biznesin dəstəklənməsi və inkişaf etdirilməsində yaxından iştirak edirlər. Bunlar Türkiyə Palatalar və Birjalar Birliyi, Türk Tacirlər və Sənətkarlar Konfederasiyası, Türkiyə Texnoloji İnkişaf Fondu və Türkiyə Kiçik və Orta Ölçülü Müəssisələrdə Sərbəst Peşə Sahibləri və Menecerlər Fondudur.

Bu infrastrukturun nüvəsində haqlı olaraq 1990-cı ildə 3624 saylı qanunla yaradılmış dövlət təşkilatı – Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstəklənməsi İdarəsi Başqanlığı (KOSGEB) durur.  KOSGEB kiçik və orta sahibkarlığa dəstək üçün təsis edilmiş yeganə dövlət təşkilatıdır. Onun əsas vəzifəsi kiçik sahibkarlıq sahəsində dövlətin siyasətini işləyib hazırlamaq və milli və beynəlxalq təcrübənin təhlili əsasında Türkiyədə kiçik və orta sahibkarlığın inkişafına hərtərəfli kömək etməkdir. KOSGEB kiçik və orta müəssisələrlə bağlı dövlətin iqtisadi siyasətinin formalaşdırılmasında çox böyük rol oynayır.

KOSGEB məqsədi

  • Kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında payını və səmərəliliyini artırmaq;
  • Onların rəqabətə davamlılığını gücləndirmək;
  • İqtisadi inkişafla birgə sektorlar arası integrasiyanı reallaşdırmaq;
  • KOS müəssisələrinin texnoloji səviyyələrini yüksəltmək.

KOSGEB vəzifələri
3624 saylı qanunun 4-cü bəndində KOSGEB –in vəzifələri belə müəyyənləşdirilib:

  • Sənayedə araşdırma və inkişaf etdirmə fəaliyyətlərinin dəstəklənməsi və fəaliyyətlərin həyata keçirilməsi üçün Texnologiya Mərkəzləri, Teknoparklar, Konsaltinq Mərkəzləri, İnstitutlar və bənzəri vahidlərin qurulmasını təmin etmək;
  • Universitetlər ilə dövlət və özəl araşdırma təşkilatlarındakı elm və texnologiya infrastrukturundan müəssisələrin faydalanmasını təmin etmək, sənaye və universitet əməkdaşlığını qüvvətləndirmək;
  • Texnoloji səviyyəni yüksəltmək üzrə mövcud texnoloji məlumatlar əldə etmək və yeni texnoloji məlumatlar hasil etmək, əldə edilmiş və hasil edilmiş məlumatları yaymaq;
  • Universitet və Araşdırma Mərkəzlərinin imkanlarından faydalanaraq yeni və irəli texnologiyaya əsaslanan məlumatların yığıldığı, qiymətləndirildiyi, inkişaf etdirildiyi və tətbiqə istiqamətli istehsala hazır hala gətirilərək müəssisələrin istifadəsinə təqdim edildiyi Texnologiya Mərkəzləri vəTeknoparkları qurmaq və qurulmasını təmin etmək;
  • Müəssisələrin planlı idarə edilməsi anlayışını, modern və çağdaş idarəçilik səviyyəsinə çatmalarını təmin etmək üçün müxtəlif sektorlarda sərmayələri istiqamətləndirmək üzrə layihə profillərinə tətbiq edəcək, istifadə edilməyən imkanları qiymətləndirəcək, məhsuldarlığı artıracaq,  modernizasiya, istehsal, idarə, marketinq, informasiya və texnologiya adaptasiyası kimi mövzularda əhatəli "Texniki Yardım və Dəstək Proqramı və layihələri "ni reallaşdıracaq İxtisas mərkəzləri qurmaq və qurulmasını təmin etmək;
  • Müəssisələrin beynəlxalq səviyyədə mal istehsal etmələri və daha müasir müəssisələr halına gəlmələrini təmin etmək üçün zəruri köməyi etmək, fəal  məsləhət xidmətləri göstərəcək məsləhət Mərkəzləri təsis etmək;
  • Xidmət Mərkəzlərində vəzifə alacaq işçilərin, xüsusi ixtisas mövzularında təhsilini təmin etmək üçün Təlim mütəxəssislərinin yetişdirilməsi, geniş yayılmış təhsil proqramlarının təşkil edilməsi, müəssisələrin təhsil ehtiyaclarının təsbiti və lazımi təlimlərin təmin edilməsi məqsədilə Tətbiqi Texniki Təhsil Mərkəzlərini qurmaq;
  • Müəssisələrin investisiya, istehsal, idarə və planlaşdırma mövzularında məlumat və bacarıq cəhətdən güclənmələrini və inkişaflarını təmin etmək,
  • Müəssisələrin marketinq problemlərinə həllər axtarmaq; müəssisələrin daxili və xarici bazarlarda rəqabət apara biləcək səviyyəyə gəlmələrini təmin etmək üçün lazımi işləri icra etmək və bununla bağlı məsləhət xidmətlərini ən səmərəli bir şəkildə təşkil etmək;
  • Sahibkarlıq mədəniyyətinin və mühitinin inkişaf etdirilməsi və yayılması üçün lazımi tədbirləri almaq, bu çərçivədə cəhdləri və təşəbbüskarları dəstəkləmək;
  • Müəssisələr arası əməkdaşlığı inkişaf etdirmək, yerli və ya xarici sərmayə qatqısı ilə reallaşdırılacaq ortaq sərmayələrin yaradılmasını və yayılmasını dəstəkləmək, investisiya mühitinin yaxşılaşdırılması üçün lazımlı tədbirləri almaq və dəstəkləri təmin etmək.

KOSGEB əsas fəaliyyət istiqamətləri
KOSGEB öz vəzifələrini çoxsaylı proqram və layihələri həyata keçirməklə yerinə yetirir.  Onlara müxtəlif milli, ərazi və sahə proqram və layihələr aiddir. Bunlar:

  • KOS müəssisələri kadrlarının hazırlanması proqramı (hər il KOS müəssisələrinin 6 minə yaxın mütəxəssisi həmin proqram çərçivəsində hazırlıq keçir);
  • Elektron sənayesinin inkişafı problemləri üzrə analitik mərkəzin yaradılması layihəsi;
  • Müxtəlif sahə tədqiqat mərkəzləri və laboratoriyaların yaradılması layihəsi;
  • Şərqi Anadolu regionunda sənayenin inkişaf etdirilməsinə dəstək layihəsi;
  • KOS müəssislərinin ixrac fəaliyyətlərinə dəstək layihəsi;
  • Balkan ölkələri KOS müəssisələri əməkdaşlığının inkişafı proqramı;
  • “KOS beynəlxalq rəqabət mühitində” mövzusunda məsləhətlərin verilməsi proqramı;
  • AB –yə qoşulma problemləri üzrə Konsultasiya mərkəzinin yaradılması layihəsi;

və s. bu kimi çox sayda proqram və layihələrdir.

KOSGEB –in təməl fəaliyyətləri sırasında Türkiyə hökumətinin tapşırıqları da daxil olmaqla sahibkarlığa dəstəklərin verilməsi, müxtəlif xidmətlərin, o cümlədən laboratoriya xidmətlərinin göstərilməsi və məlumatlandırma da nəzərdə tutulub:

  • kiçik biznes üçün informasiya xidmətinin və beynəlxalq informasiya şəbəkələrinə çıxışın təmin edilməsi;
  • sahibkarlıq təşəbbüslərini dəstəkləmək və kiçik və orta müəssisələrə istehsal-kommersiya fəaliyyətinin təşkilində yardım etmək məqsədilə istehsal və marketinq üzrə konsaltinq;
  • KOS müəssələrində istehsal edilən məhsulların keyfiyyətinin artırılması üzrə fəaliyyət, müasir istehsal norma və mədəniyyətinin təbliği, müəssisələrin məhsuldarlığının və məhsullarının keyfiyyətinin artırılmasının təmin edilməsi üzrə ekspert xidmətlərinin göstərilməsi;
  • kadrların hazırlanması və ixtisasının artırılması proqramlarının reallaşdırılması;
  • Türkiyədə Mütəşəkkil Sənaye Zonaları tikintilərinin planlaşdırılması və layihələndirilməsi
  • kiçik biznes təmsilçilərinin ilk növbədə xaricdə keçirilən sərgi-yarmarka tədbirlərində iştirakını təmin etmək yolu ilə KOS müəssisələri məhsullarının ixracına yardım etmək;
  • AB və Türkiyə arasında gömrük ittifaqının imzalanması ilə bağlı Türkiyə KOS müəssisələrinin xarici ticarət üzrə AB qanunvericiliyənə adaptasiya edilməsi üzrə fəlaiyyət, Türkiyədə istehsal edilən məhsulların keyfiyyətinin standartlaşdırılması sistemlərinin AB tələblərinə uyğunlaşdırılması üçün əldə olan imkanların təhlili, kiçik biznesin dəstəklənməsi və inkişafı sahəsində AB ilə danışıqlar prosesinin əlaqələndirilməsi;

KOSGEB maliyyə mənbəyi
5018 saylı Qanunda KOSGEB xüsusi büdcəli idarələr arasında yer alıb və əsas gəlir büdcəsini Sənaye və Ticarət Nazirliyi büdcəsinə qoyulan vəsait meydana gətirməkdədir. Gəlir büdcəsində iştirak edən digər mənbələr banklar, dövlət iqtisadi təşkilatları, mütəşəkkil sənaye bölgələri torpaq satış hasılatından ayrılan paylar və laboratoriya xidmətlərindən əldə edilən gəlirlərdir.

Həyata keçirilən proqramların sayından və dəyərindən asılı olaraq KOSGEB büdcəsi müxtəlif illərdə 50 – 300 milyon ABŞ dolları məbləğində olub.

Kiçik sahibkarlığı dəsətəkləyən digər strukturlar
Öz fəaliyyətini Türkiyədə kiçik biznesin dəstəklənməsinə yönəldən digər iri struktur KOSGEB kimi 1990-cı ildə yaradılmış Türkiyə Orta Müəssisələrə Dəstək Fondu ictimai təşkilatıdır.

Fond öz vəzifəsini aşağıdakı məsələlərin həllində görür:

  • kiçik biznes üçün sabit və etibarlı infrastrukturun formalaşdırılması;
  • kiçik biznesin stimullaşdırılması sisteminin formalaşdırılması;
  • KOS müəssisələrinin maliyyələşdirilməsi ilə bağlı problemlərin həlli;
  • texnoloji inkişaf problemlərinin həlli;
  • ölkədə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində işlər;
  • menecment və sənaye istehsalı sahələri üzrə konsaltinq;
  • cəmiyyətdə kiçik və orta sahibkarlığın nüfuzunun qaldırılması.

Qarşıya qoyulan bu məsələlərin həlli məqsədi ilə Fondun nəzdində aşağıdakı strukturlar yaradılıb:

  • Parlamentlə qarşılıqlı əlaqələr qrupu (Fondun işləyib hazırladığı ideya və təkliflər həmin qrup tərəfindən parlamentə çatdırılır);
  • iki konsultasiya şirkəti (marketinq, xarici ticarət və hüquqi tənzimləmə sahəsində xidmət göstərir);
  • mühasibat şirkəti (Fond üzvlərinə müvafiq xidmətlər göstərir);
  • nəşriyyat qrupu (Fondun təhlil materiallarını, məruzələri və s. nəşrə hazırlayır);
  • sığorta firması.

Türkiyədə kiçik sahibkarlığa xidmət göstərilməsində şübhəsiz ki, ticarət və sənaye palataları xüsusi rol oynayır.

Kiçik biznesin problemləri ilə məşğul olan təşkilatların siyahısına həmçinin Elm, Sənaye və Ticarət Nazirliyinin kiçik sahibkarlıq və xalq sənəti Müdiriyyətini də aid etmək olar.  Kiçik biznes sahəsində qanunvericiliyin işlənməsi, KOS müəssislərinin ixrac fəaliyyətinin arıtılması, xalq sənəti kooperativlərinin yaradılması və s. istiqamətlərində proqramların hazırlanması Müdiriyyətin əsas vəzifələrindəndir.

Bununla yanaşı KOS müəssisələrinin maliyyələşdirilməsi məqsədilə yaradılmış Türkiyə Xalq Bankının da fəaliyyəti əhəmiyyətli dərəcədə hiss edilir.  Bank həmçinin  kadrların hazırlanmasının və istehsalın və satışın planlaşdırılmasının təşkilində yardım edir, müxtəlif konsultasiya xidmətləri göstərir.

Mənbə: "MKS Dövlət Agentliyi məsələsinə dair xarici təcrübəni əks etdirən HESABAT"

 
Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.