TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Noyabr 2024, Şənbə


İqtisadi Tədqiqatlar Mərkəzi yeni vergi sistemi təklif edir
İqtisadi Tədqiqatlar Mərkəzi yeni vergi sistemi təklif edir
Bu gün (30 avqust 2013) Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək" layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzi (İTM)"Vergi-patent sisteminin tətbiqinin məqsədəuyğunluğunun əsaslandırılması" mövzusunda Dəyirmi Masa keçirib

Dəyirmi Masada Vergilər Nazirliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq Maliyyə Korporasiyasının, akademik dairələrin və müstəqil düşüncə mərkəzlərinin təmsilçiləri, ekspertlər və media nümayəndələri iştirak ediblər. Dəyirmi Masanın iştirakçılarını salamlayan, SBİİYF sədri Sabit Bağırov Azərbaycanda vergi patent sisteminin (VPS) tətbiqinin zərurəti və üstünlüklərindən danışıb. O qeyd edib ki, bu vergi sistemi Azərbaycanda ötən əsrin 90-cıillərinin əvvəllərində də tətbiq olunub. Hazırkı şərait bu istiqamətdə müzakirələrə yenidən başlamaq üçün zəruri şərtlər yetişdirib. Belə ki, patent vergi sisteminin tətbiqi xirda sahibkarların xərclərinin azaldılması, onların qarşılaşdıqları baryerlərin aradan qaldırılması istiqamətində əlavə imkanlar yaradır. Bu vergini tətbiq edən sahibkarlar nəzarət-kassa aparatı almayacaq və rüblük vergi bəyannamələri təqdim etməyəcəklər.
"Vergi-patent sisteminin tətbiqi nələr vəd edir" mövzusunda təqdimatla çıxış edən layihə eksperti, İTM İdarə Heyətinin üzvü Qubad İbadoğlu apardığı araşdırmanın tapıntıları, əldə olunan nəticə və tövsiyələrlə toplantı iştirakçılarını tanış edib. O, diqqəti ilk növbədə vergidən kütləvi yayınmanın geniş yayılmış formalarına yönəldib. Bu formalar sırasında vergi obyektinin parametrlərinin dəyişdirilməsi, vergi ödəyicisinə öhdəliklərdən, xüsusilə də idxalda ƏDV-dən tam və ya qismən azadolma şəratinin yaradılması, dövriyyənin gizlədilməsi və ödənişlərin aşağı salınması, saxta ilkin uçot sənədlərinin tərtibi, ikili mühasibatlıq, xüsusi texnoloji ehtiyacların və xərclərin şişirdilməsi və verginin ödənilməsi müddətinin dəyişdirilməsi kimi halları sadalayan natiq, onun aşkar olunmasının müxtəlif metodlarından (trend təhlili, struktur təhlili, müqayisəli təhlil, korrelyasiya əlaqələrinin qurulması, güzgü metodologiyasıvə tələb-təklif balansının yaradılmasın) bəhs edib. O qeyd edibki, təklif olunan VPS bu problemlərin bir çoxunun aradan qaldırılmasına töhfə verə bilər. Sonra PVS-nin həm sahibkar, həm dövlət və həm də istehlakçı üçün üstünlüklərindən danışan Q. İbadoğlu bildirib ki, bu vergi növünün subyektləri xirda sahibkarlar olacaq. Bununla yanaşı, sadələşdrilmiş vergi sistemi də fəaliyyət göstərəcək. Bu vergini könüllü şəkildə seçən xirda sahibkarlar patent məbləğini ödəməklə vergi orqanlarıl ilə ünsiyyətə girmədən fəaliyyət göstərə biləcəklər. (Təqdimat: "Vergi-patent sisteminin tətbiqi nələr vəd edir")
Təqdimatdan sonra iştirakçılar çıxışçıya suallar ünvanlayıblar. Korrupsiya ilə Mübarizə Fondunun prezidenti Vasif Mövsümovu bu təkliflərə hökümətin necə münasibət bəsləməsi, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Faiq SəmədovuPVS-də vergi tutulacaq dövriyyənin hesablanması qaydası maraqlandırıb.Xəzər Universitetinin professoru Fuad Rəsulov isə bir qeydini səsləndirib. O, sadələşdirilmiş vergi daxilolmalarının büdcə gəlirlərində deyil, ümumi vergi daxilolmalarında payının dinamikasını izləməyin doğru nəticələr verəcəyini bildirib.
Müzakirələrdə çıxış edən sahibklar İlham Əsgərov bu vergi sisteminin vergiyə cəlb olunması çətin olan xırda sahibkarlıq sahələrində tətbiq edilməsini məqsədəuyğun sayıb. O qeyd edib ki, ƏDV ödəyiciləri sadələşdirilmiş vergi ödəyiciləri ilə əməliyyat apararkən ƏDV məbləğini əvəzləşdirəı bilmirlər.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev qeyd edib ki, hazırda Azərbaycanda vergidən yayınma deyil, vergi obyektinin qeydiyyatdan yayınması daha böyük problemdir. Odur ki, bu vergi növü həmin vergi obyektlərinin qeydiyyata alınması və vergiyə cəlb edilməsi sahəsində əhəmiyyətli rol oynaya bilər. O, eyni zamanda bu vergi növünün tətbiqi ilə yanaşı ənənəvi sadələşdirilmiş verginin də tətbiqini məqsədəuyğun hesab edib.
Kiçik və orta müəssisələrin inkişafına yardım mərkəzinin sədri İlkin Qarayev sadələşdirilmiş vergi üçün nəzərdə tutulan dövriyyənin həcminin artırılmasını təklif edib. O, eyni zamanda vergi orqanlarının ötən ilki əməliyyatların həcminə görə bu ilki dövriyyədən avans götürməsini sahibkarların fəaliyyətinə müdaxilə kimi qiymətləndirib.
Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndəsi Həsən Hüseynov, təmsil etdiyi təşkilatın vergi islahatları sahəsində gördüyü işlərdən danışıb və qeyd edib ki, onlar da anoloji təkliflərlə çıxış ediblər.
Müstəqil ekspert Oqtay Haqverdiyev müzakirəyə təqdim olunan suallara ayrı-ayrılıqda münasibət bidirdi. O,təklif olunan verginin yalnız fərdi sahibkarlar üçün tətbiq edilməsini, eyni zamanda vahid vergi dərəcəsinin tətbiqini, regionlarla paytaxta fərq qoyulmamasını və vergi dərəcəsinin 2 faiz olmasını təklif edib.
Vergilər Nazirliyinin nümayəndəsi Vüsal Şıxəliyev çıxışında təmsil etdiyi dövlət orqanının bu sahədə gördüyü işlərdən bəhs edib. O qeyd edib ki, vergilərin gəlirlərdən tutulması daha düzgündür, çünki, bu, daha ədalətlidir və şəffaflığa imkan verir. Vergilər Nazirliyinin nüamyəndəsi öz çıxışında həmçinin təklif olunan yeni vergi sieteminin çətin nəzarət olunan fəaliyyət növləri üzrə tətbiqini məqsədəuyğun sayıb. O, sadələşdirilmiş vergi dövriyyəsinin həcminə görə Azərbaycanın dünyada 3-cü ölkə olduğunun qeyd edərək, onun aşağı salınmasının əleyhinə çıxış edib.
Yekunda SBİİYF sədri Sabit Bağırov iştirakçılara dəyərli qeydlərinə görə təşəkkürünü bildirərək, bu istiqamətdə müzakilərin davam edəcəyini bildirib.

 

Mənbə: http://erc.az