TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 25 May 2017, Cümə axşamı


Biznesin idarə edilməsində nələr vacibdir

Biznesin idarə edilməsində nələr vacibdir.

Bu fəsili oxuyub, siz nəyi öyrənəcəksiniz:

  1. İdarəetmə nədir və o niyə lazımdır?
  2. Müasir idarəetmənin əsas məqsədləri nələrdir?
  3. Menecerin işi nədən ibarətdir?
  4. İdarəetmə fəaliyyətinin əsas elementləri hansılardır?
  5. Firmalar planlaşdırmadan necə və nə üçün istifadə edirlər?
  6. "İdarə etmənin təşkilati strukturu", "kommunikasiyalar", "nəzarət", "proqnozlaşdırma" anlayışları nəyi bildirir?

Idarəetmə nədir və o niyə lazımdır?

Biznesdə əsl uğur heç vaxt təsadüfən gəlmir. Yalnız effektiv idarə etmədən daim istifadə etməklə uzunmüddətli müvəffəqiyyətə nail olmaq olar.

İdarəetmə haqqında tam bir elm mövcuddur. Məlum olur ki, sən demə ölkəni və avtomobili, raket qurğusunu və bağçada uşaq qrupunu idarəetmədə ümumi qanunlar, qaydalar, prinsiplər mövcuddur. İdarəetmə haqqında elm məhz onları öyrənir.

Bəs biznesdə idarəetmə ilə həyatın başqa sahələrində idarəetmə arasında oxşarlıq nədədəir?

Bizim istənilən hərəkətimiz müvafiq məqsədin mövcudluğunu nəzərdə tutur. Hətta əgər biz sadəcə divanda uzanırıqsa, bunu da müəyyən bir məqsədlə edirik: 1). istirahət etmək, 2) nəyi isə fikirləşmək, 3) kimisə öz davranışıyla təngə gətirmək.

Fərz edək sizə sabah səhər başqa şəhərə uçmaq lazımdır. Sizin təyyarəniz 9.00-də uçur, aeroporta qədər yol 1 saat çəkir. Beləliklə, sizin hədəfiniz — təyyarəyə çatmaqdır. Bu məqsədinizin həyata keçirilməsinə başlamazdan əvvəl siz öz hərəkətlərinizi planlaşdırırsınız, yəni hər bir hərəkətinizin sırasını və icra müddətini xəyalən təsəvvür edirsiniz. Bu zaman görün sizdə nə alınır: saat doqquz reysinə çatmaq üçün uçuşdan 1,5 saat əvvəl aeroporta gəlmək lazımdır, yəni 7.30-da. Deməli, evdən 6.30-da çıxmaq lazımdır. 5.45-də isə qalxmaq lazım gələcək, əşyaları bir gün əvvəldən yığmaq daha yaxşıdır.

İndi, artıq sizdə iş planı olduqdan sonra onun icrasının təşkilinə başlayın. Ailə üzvlərindən kiməsə sizə əşyalarınızı qablaşdırmaqda kömək etməyi xahiş edin. Saatınızı yoxlayın və zəngli saatı 5.45-ə qoyun. Siz vaxtında oyanırsınız və hər şeyi plana uyğun edirsiniz. Onu yerinə yetirərkən, özünüzü nəzarətdə saxlayın: saata baxın və izləyin görün "geri qalma" və ya "planın pozulması" yoxdur ki. Sizin səyləriniz müvəffəqiyyətlə nəticələnir — siz təyyarəyə yetişirsiniz.

İdarəetmə elementləri

Biznesdə idarəetmə üçün həmçinin hədəflər, planlaşdırma, təşkilat və nəzarət lazımdır. Həm də bu hələ idarəetmənin "künc daşları"nın hamısı deyil. Firmanı idarə etmək — insanlarla münasibətdə olmaq deməkdir. O insanlarla ki, müxtəlif zövqləri, vərdişləri, maraqları və öz şəxsi məqsədləri ola bilər. Onlarda firmanın uğur qazanmasına maraq oyatmaq lazımdır. Elə etmək lazımdır ki, onlar firmaya mümkün qədər çox xeyir gətirsinlər — və bu motivasiya adlanır.

Əgər firmada bir nəfərdən çox insan varsa müvəffəqiyyət bir çox hallarda onların arasında formalaşacaq münasibətlərdən asılı olacaq. Bəs işçilərin sayı onlarla və yüzlərlə olduqda necə? Biznesi idarə etmədə həmişə ünsiyyət problemi mövcuddur.

İnsana gələcəyə baxmaq, perspektivləri nəzərə alaraq öz fəaliyyətini planlaşdırmaq xasdır. İdarəetmədə bu proqnozlaşdırma adlanır.

Menecment

Biznesdə idarəetmə menecment (ingilis sözü management — idarə etmə) adlanır. Biz elə bir az əvvəl onun tərkib hissələrini və ya fəaliyyət növlərini müəyyən etdik.

Bəs menecment nə deməkdir? Bu qarşıya qoyulmuş hədəflərə çatmaq bacarığıdır. Belə tərif sizə çox sadə görünə bilər. Ancaq onda idarəetmə fəaliyyətinin bütün növləri və məzmunu "gizlənib".

Birincisi, bacarıq. Uğur qazanmaq üçün işi necə görməyi bilmək və öz biliyini praktikada tətbiq etməyi bacarmaq lazımdır. Menecmentin öz fəndləri və "oyun qaydaları" var və siz bütün bunları öyrənə bilərsiniz.

İkincisi, məqsədə çatmaq. Menecmentdə vacib olan yalnız var gücü ilə çalışmaq deyil, məhz məqsədə çatmaqdır. Hələ ki, siz arzu olunan nəticəyə nail olmamısınız, hesab edə bilməzsiniz ki, artıq idarə etməni öyrənmisiniz.

Və nəhayət, üçüncüsü, qarşıya qoyulmuş hədəflər. Hədəflər düzgün seçilərək qarşıya qoyulmalıdır, əks təqdirdə həm birinci, həm də ikinci mənasız olacaq.

Bəs firmada bütün bunları kim icra edir?

Menecer

Kiçik firmada bütün qərarları adətən firma sahibi özü qəbul edir. Firmasının işinə nəzarəti də o özü edir. Daha böyük firmalarda bu funksiyaları menecer yerinə yetirir. O firmada tək ola bilər, məsələn kiçik mağazada. Böyük şirkətlərdə menecmentlə məşğul olan insanların sayı çox olur: biri məhsulun istehsalı üçün cavab verir, başqası satışı təşkil edir, üçüncü malların reklamıyla məşğul olur, dördüncü işçiləri işə götürür.

Menecer — firmada mərkəzi fiqurdur. Əlbəttə, biznesdə uğur qazanmaq üçün həm malın keyfiyyəti, həm kapital, həm işçilərin peşə səviyyəsi, həm də yaxşı reklam çox əhəmiyyətlidir. Ancaq əgər firmanın meneceri yaxşı deyilsə firmanı nə pul xilas edəcək, nə də insanlar — firma hər ikisindən məhrum ola bilər.

Yaxşı menecer olmaq nə deməkdir? Menecerlərin hazırlığı üzrə ən tanınmış bir mütəxəssislə danışıqda bir məşhur amerika alimi ondan yaxşı və pis menecer arasında fərqi soruşdu. Onun cavabı çox qısa oldu: "Hər şey çox sadədir, yaxşı menecer işin icra edilməsini təmin edir".

Biznesin idarə edilməsi və menecmenti ilə bağlı məsələləri haqqında aşağıdakı videoçarxlara baxmağı tövsiyə edirik. Bəzi videolar rus və ya ingilis dillərində olsa da sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maraqlı ola biləcəyini hesab edərək burada yerləşdirməyi məqbul saydıq. Gələcəkdə onların imkan daxilində Azərbaycan dilinə tərcümə etməyə çalışacağıq.
Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.