Təbii ki, bu üsullar kiçik sahibkarlıq ideyasının dəyərləndirilməsi üçün yararlıdır. Böyük bizneslərin dəyərləndirilməsi yetərincə mürəkkəb maliyyə təhlillərini tələb edir. Qiymətləndirmənin məqsədi çəkilən xərclərin nəticəsi olaraq gözlənilən qazancın müəyyənləşdirilməsindən ibarətdir.
Elementar hesablamalar
Adətən bu hesablamaların əsasında istehsal ediləcək mal və ya göstərilən xidmət vahidinin maya dəyərinin qiymətləndirilməsi və bazar qiyməti ilə müqayisəsi durur.
Məsələn, Siz çox dadlı ət qutabı bişirməyi bacarırsınız. Qutablarınızın alıcısı o zaman olar ki, təklif etdiyiniz bu dadlı qutabın qiyməti həddən artıq yüksək olmasın. Bu sahədə biznesə başlamazdan əvvəl bişirdiyiniz bir qutabın Sizə neçəyə başa gələcəyini dəqiq hesablayın. Bu zaman heç bir xərc növü unudulmamalıdır, un və duzdan tutmuş, sərf edilən suyun və qazın qiymətinədək. Bu hesablamalardan sonra, yaxşı olar ki, sınaq keçirəsiniz. 20 dənə qutabı bişirin və xərclərinizi (hər növü daxil) toplayıb 20-yə bölün. Alınan rəqəmi bazarda satılan ət qutabı ilə müqayisə edin. Bu müqayisə Sizə müvafiq qərarların qəbul edilməsinə yardım edəcək (həm qutaba qoyacağınız satış qiymətinə, həm də çəkisinə dair).
"Zərərsizlik nöqtəsinin hesablanması" üsulundan da istifadə etmək olar. Çəkilən xərclərin gəlirlərə bərabər olduğunu təmin edən malın istehsalı və satışı həcminə "Zərərsizlik nöqtəsi" deyilir. Bu həcmdən artıq istehsal edilən hər mal vahidi sahibkara mənfəət əldə etməyə imkan verir.
Mövcud analoji layihələrlə müqayisə
Kimsə həmin məhsuldan istehsal edərək və ya xidmətdən göstərərək varlanırsa, demək, Siz də buna nail ola bilərsiniz əgər o xüsusi üstünlüklərə malik deyilsə. Misal üçün, dünənə qədər qonşunuz çətinliklə başını dolandırırdısa və bir müddət öncə paxlava bişirib satmaqla ailəsinin vəziyyətini xeyli yaxşılaşdırıbsa, demək, Siz də buna nail ola bilərsiniz.
Mütəxəssislərlə məsləhətləşmələr
Belə dost-tanışnız varsa, bu üsuldan mütləq istifadə etməyə dəyər.
Biznes-ideyanın gerçəkləşməsi ehtimalının təhlili
Aşağıdakı amillər:
nəzərə alınaraq, ilkin qiymətləndirmələr nəticəsində biznesi qurmaq və ya inkişaf etdirmək üçün tələb olunan vəsaitlər təxmini müəyyənləşdirilir.
Maliyyə ehtiyatlarının mövcudluğu və ya əlçatanlığı
Hətta biznesi qurmaq və inkişaf etdirmək üçün Sizin kifayət qədər maliyyə vəsaitiniz varsa belə, kredit resurslarından istifadənin məqsədəuyğunluğunu nəzərdən keçirməyə dəyər. Əgər kredit resursları üzrə faizlər hansısa bankda yerləşdirdiyiniz vəsaitləriniz üzrə faizlərdən azdırsa, təbii, belə kreditlərdən istifadə etməyə dəyər. İlk baxışdan bu, mümkün olmayan bir situasiyadır. Lakin nəzərə alsaq ki, kredit resurslarının qiyməti müxtəlif ölkələrdə xeyli fərqli ola bilər, qeyd edilən situasiyanın mümkünlüyü heç də istisna edilmir. Misal üçün, bu gün Azərbaycanın özündə Sahibkarlığın Inkişafı üzrə Milli Fondun kredit resurslarının qiyməti ilə kommersiya banklarından götürülən kreditlərin qiyməti arasında xeyli fərq var.
Avadanlıq və texnologiyalarla təminat
Əgər qurmaq və ya inkişaf etdirmək istədiyiniz biznesin nümunələri ətrafda varsa, Siz asanlıqla avadanlıq və texnologiyalar haqqında ilkin məlumat toplaya bilərsiniz. Yoxdursa, deməli, müxtəlif informasiya mənbələrindən istifadə etməlisiniz. Bunlar tanış və ya tanımadığınız insanlar, müxtəlif dərgilər, kitablar və ən əsası INTERNET-dir. Avadanlıq və texnologiyalar barədə məlumat əldə edildikdən sonra lazım olan kadrlar məsələsini də qiymətləndirmək lazımdır. Belə kadrları Siz haradan cəlb edə bilərsiniz, bunlara nə qədər maaş verməli olacaqsınız, kadrların hazırlanması neçəyə başa gələ bilər.
Xammal və digər ehtiyatlar
Xammalın yerli bazarda olub-olmaması, yoxdursa xaricdən gətirilməsi imkanları, qiymətlər və sair məsələlər nəzərdən keçirilməlidir. Digər resursların da (enerji, su, komplektləşdirici və s.) problemli olub-olmaması təhlil edilməlidir.
Ümumiyyətlə, uyğun şəraitin olması
Biznesin qurulması üçün uyğun şəraitin olması dedikdə bir çox amillər qeyd oluna bilər. Məsələn, biznesinizi qurmaq istədiyiniz yerdə elektrik enerjisi şəbəkəsinə qoşulmaq problemlidir, qazın təzyiqi lazım olan səviyyədə deyil, tullantı sular üçün çıxış yoxdur və bu tip digər şərtlərin təmin edilməməsi biz-nesin qurulmasında aşınmaz çətinliklər yarada bilər.
Risklər
Məsələn, qurduğunuz biznes kəsintisiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasını tələb edir. Belə biznesi quran sahibkar mütləq müvafiq riskləri qiymətləndirməlidir.
Risk növləri çox müxtəlifdir və seçdiyiniz biznes sahəsindən asılıdır. Əlbəttə, bütün biznes sahələri üçün ümumi risklər də var, məsələn, qanunvericiliyin dəyişməsi (vergi dərəcələri), təbii fəlakətlər və ya iqlim dəyişməsi, milli va-lyuta dəyərinin birdən birə artması və ya azalması və sair. Bu növ risklərlə yanaşı hər bir biznes sahəsinə məxsus olan risklər də var. Məsələn, əgər Sizin biznes təbii qazdan istifadə etməklə kürə çörəyinin bişirilməsindən ibarətdirsə, deməli Siz qazın kəsintisiz təminatı riskini mütləq qiymətləndirməlisiniz.
Mənbə: Sahibkar Ol (sahibkarlıq bələdçisi).
Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır. |
|