Baş səhifə Qanunvericilik Sahibkarlığa dəstək Kataloqlar Statistika Kitabxana Muhit indeksləri Sorğular TV müzakirələr Faydalı linklər
Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi qeyd olunur
Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi qeyd olunur
21.11.2013. Bu gün Bakı Biznes Mərkəzində Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda kiçik sahibkarlığın inkişafı” adlı konfrans keçirilmişdir.

İdeyaları reallaşdıran, iqtisadi inkişafı irəli aparan və insanların rifahını yaxşılaşdıran yeni şirkətlər yaradan novatorlar və iş yerləri açanlar dünyada ən geniş şəkildə Qlobal Sahibkarlıq Həftəsini qeyd edirlər. Qlobal Sahibkarlıq Həftəsinin məqsədi müxtəlif tədbirlər vasitəsilə insanlara sahibkarlığın faydalarını sərgiləmək və onları özlərinin sahibkarlıq ideyalarını tədqiq etməyə ruhlandırmaqdır. Beş il ərzində Qlobal Sahibkarlıq Həftəsi əhatəsini 131 ölkəyə genişləndirmiş və sonsuz tədbirlər vasitəsilə 25 milyona yaxın iştirakçı cəlb etmişdir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə təşkil olunmuş bu tədbirdə dövlət qurumlarının, ictimai  birliklərin, beynəlxalq təşkilatların, səfirliklərin, beyin mərkəzlərinin və universitetlərin nümayəndələri iştirak etmişdir. Konfransın açılışında çıxış edənlər Azərbaycanda  qeyri-neft sektorunun inkişafı, iş yerlərinin açılması, iqtisadiyyatın daha da inkişafı üçün kiçik sahibkarlığın böyük önəm daşıdığını qeyd etdilər.

ABŞ-nın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan konfrans iştirakçılarını salamlayaraq qeyd etdi ki, “Ölkələr şəxslərə özlərinin səylərinə əsasən müvəffəqiyyət qazanmaq və ya müvəffəqiyyətsizliyə uğramaq, habelə öz uğurlarının bəhrəsini görmək şansı verdikdə, onlar həmin şansdan yararlanmaq istəyən minlərlə insan tapa bilər. Və həmin minlərlə insan fərdlər və cəmiyyət üçün daha böyük stabillik gətirən yollarla ölkəni yaxşılığa doğru dəyişə bilərlər. Sahibkarlıq məhz bundan ibarətdir.”

Dövlət qurumlarının, sahibkar birliklərinin, ictimai birliklərin və beyin mərkəzlərinin nümayəndələri Azərbaycanda kiçik sahibkarlığın inkişafı barədə fikirlərini bölüşdülər. Bundan başqa, bir sıra məsələlər üzrə, məsələn kiçik sahibkarıq üzrə dövlət agentliyinin yaradılması, kiçik sahibkarlıq subyektlərinin hüquqlarını müdafiə edən xüsusi ombudsman institutunun təsis edilməsi, mikro, kiçik və orta sahibkarlıq məvhumlarının dəqiqləşdirilməsi, fermer torpaqlarının qeydiyyatı prosedurlarının sadələşdirilməsi, rəqabətə davamlılıq səviyyəsinin yüksəldilməsi, Ümumdünya Ticarət Təşkilatına üzvlük və bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi məsələləri də müzakirə edilmişdir.

USAID tərəfindən dəstəklənən “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsini həyata keçirən ictimai birliklər konsorsiumu (Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, İqtisadi Tədqiqatlar Mərkəzi, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi, Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi, Xalça Dünya Assosiasiyası, Gələcəyə Körpü Gənclər təşkilatı) bütün bu məsələlər üzrə konkret təkliflər və tövsiyələr paketi hazırlamışdır. Konfransda səslənən rəylər nəzərə alınaraq bu tövsiyələrə müvafiq dəyişiklər ediləcək və bundan sonra təkliflər aidiyyatı olan dövlət qurumlarına təqdim ediləcək.

 

 


1 ... 8 9 10